HAQQIMIZDA
2011-ci ildən bəri sizinləyik
"AAС" MMC - Azərbaycanda müasir məsaməli hörgü blokları və yüksək keyfiyyətli əhəng istehsalına böyük sərmayə yatırmış Azərbaycan şirkətidir. AAC zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində 10 hektar ərazidə yerləşir və bütün zəruri infrastrukturdan ibarətdir. 26 dekabr 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə "AAC" Müasir tikinti materialları zavodunun rəsmi açılışı keçirilmişdir. Bununlada "AAC" Müasir tikinti materialları zavodu Qafqaz regionunda məsaməli beton bloklarını istehsal edən ilk zavod kimi tarixə düşmüşdür.
Keyfiyyətli istehsal
"AAC" MMC şirkəti «gobustone» markası altında məsaməli beton bloklar və əhəng istehsal edir. Şirkət Almaniyanın “Wehrhahn“ firmasının orijinal avadanlıqlarındandan istifadə edir, bütün məhsullar milli və beynəlxalq standartların tələblərinə cavab verən müasir laboratoriyada məhsulların keyfiyyətinə nəzarət edilir. Təcrübəli və peşəkar mütəxəssislər şirkətin istehsal etdiyi məhsulun keyfiyyətinin təminatçılarıdır. Şirkət müasir tikinti sənayesinin standart və normalarına tam uyğun olan və istehlakçıların tələblərinə cavab verən məsaməli beton blokların geniş seçimini təklif edir.
İstehsal gücü
Zavodunun günlük istehsal gücü 600 m3 qazobeton və 100 ton həcmində yüksək keyfiyyətli əhəng istehsal etməyə imkan verir. İstehsal prosesi beynəlxalq standartlara uyğun, ekoloji cəhətdən təmiz və ətraf mühitə ziyansız şəkildə həyata keçirilir. Zavodda istehsal olunan yandırılmış və sönmüş əhəngdən tikinti, metallurgiya, mədən və qida sənayesində geniş istifadə olunur. Məsaməli beton digər tikinti materiallarından möhkəmliyi, yüngüllüyü, uzunömürlülüyü, istiliyə və şaxtaya davamlılığı, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir. İstehsal olunan məsaməli beton blokları istilik keçirməmək xüsusiyyətinə görə kərpicdən 6 dəfə üstün, ekoloji baxımdan təhlükəsiz, yanğına və zəlzələyə davamlıdır. Yüngül çəki və dəqiq ölçüləri olan bu beton bloklar iqtisadı cəhətdən daha qənaətlidir. Hazırda məsaməli betondan hündür və aşağı mərtəbəli binaların inşa olunmasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və pilləkanların tikilməsində istifadə olunur. Məsaməli betonun Azərbaycan bazarına çıxması tikinti işlərinin texnologiyasını və müddətini əsaslı şəkildə dəyişib.
Zavodun ərazisində inzibati bina, xammal və hazır məhsul anbarları, dəmir yolu xətti, nəqliyyat vasitələrinin saxlanılma və texniki xidmət sahəsi və digər təsərrüfat obyektləri yerləşir. İstehsal olunan məhsulların yüksək standartlara cavab verməsini təmin etmək üçün zavodda ən son mikrobioloji, fiziki-kimyəvi avadanlıqla təchiz olunan laboratoriya da fəaliyyət göstərir. Zavodda emal və istehsal prosesində istifadə olunan texnika və avtomobillər də dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Burada da keyfiyyət və ekoloji təmizlik əsas götürülmüşdür. Zavodun elektrik təchizatı üçün müstəqil yarımstansiya quraşdırılıb. Bu isə yüksək keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təminata şərait yaradır. Zavodun ərazisində yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
İstehsal prosesi
İstehsal prosesində yerli xammal olan kvars qumu və əhəng daşından istifadə edilir. Xammal yerli Umbakı kvars qumu yatağından birbaşa zavoda gətirilir. Əhəng daşı isə Qazax rayonunda yerləşən karxanadan çıxarılaraq müəssisəyə çatdırılır. Bütün istehsal prosesi avtomatlaşdırılmış texnologiya əsasında həyata keçirilir. Müasir tələblərə cavab verən avadanlıqla təchiz edilmiş laboratoriya vasitəsilə xammalın və hazır məhsulun keyfiyyətinə tam nəzarət edilir. Bu da məhsulun müasir standartlara uyğun istehsalına və keyfiyyətinə təminat yaradır. Müasir texnologiya ilə təchiz olunmaqla yanaşı "AAC" Müasir tikinti materialları zavodu həm də "yaşıl" zavoddur. İstehsalat tamamilə tullantısızdır. İstehsalat qalıqları yenidən emal olunur, zavodun məişət və texniki suları isə təmizlənib təkrarən istifadəyə verilir.